Təqvim yarpaqları sonlara çatır,
Mən itkin şəhərin döngəsindəyəm.
Zaman insanları artıq dəyişib,
Mən hələ həyatın kölgəsindəyəm.
Səhnələr dəyişir, insan dəyişir.
Axı hansı filmin səhnəsindəyəm?!
Bu filmdə hər kəsin varmış bir rolu,
Mən hələ həyatın kölgəsindəyəm.
Ağaclar böyüyüb ulduza çatıb,
Mən hələ ağacın gövdəsindəyəm.
Şeytan da Allahın hüzurundadır,
Mən hələ həyatın kölgəsindəyəm.
Həyat hissələrdən ibarət film,
Bu filmin sonuncu hissəsindəyəm.
Kiçik, epizodik rol mənə ayrılmış,
Mən hələ həyatın kölgəsindəyəm.
Sırayla düzülüb insanlar yola,
Kütlənin sonuncu növbəsindəyəm.
Cənnət qapısından keçir insanlar,
Mən hələ həyatın kölgəsindəyəm.
Göyə ucalmaqçün tələsin insan,
Bu yolun birinci pilləsindəyəm.
Elə ilk pillədə yıxılıb qaldım,
Mən hələ həyatın kölgəsindəyəm.