Onu görəndə
Unutduğunu düşünmüsən. Həyat bir gün sizi qarşılaşdırar, yanından ötüb görməzdən gəlsən də gözlərin dayana bilməz və dönərsən yenidən görmək üçün. O zaman baxışlar toqquşar və sükut çökər aranızda, artıq zaman və məkan anlayışı yoxdur. Sadəcə o və sən. Həyəcandan hərəkətlərinə diqqət edə bilməzsən və heyrətlənmiş kimi başını astaca yelləyib salam verərsən. Ona heyrətlə baxarsan. Ağlına ilk başladığın zaman gələr. Başlanğıcın mükəmməl olması bu səbəbdən bu qədər önəmlidir. O an sənə keçmişə qayıtmaq təklif olunsa heç düşünmədən “Hə!” cavabını verərsən. Onu ilk vaxtlardakı kimi görmək üçün. Arada heç bir problemin olmadığı, hər saniyə sevginin necə gücləndiyini hiss etməyin və hiss etdirməyin keçər ağlından.
Bir az sonra həyəcanını yox etməyə çalışar, səslənib “necəsən?” deyə soruşarsan. Əslində necə olduğunu bilirsən, eynilə sənin olduğun kimi. Amma cavabında onun necə olduğunu eşitməzsən çünki, “təşəkkürlər, sən necəsən?” qarşılığı gələr. Vermək istədiyin cavabla verdiyin cavab üst-üstə düşməyəcək, çünki heç sən də necə olduğunu deməyəcəksən. Acizliyini göstərməmək üçün. Bitdiyi gündən bəri hər gün ölüb dirildiyini, stressdən dəli olmaq dərəcəsinə çatdığını bilməsini istəməzsən.
O da səni düşünər və hisslərini demək istəyər, amma………… Bu ammalar həmişə üzümüzdəki təbəssümü yox etmişdir. Sonra eqo ortaya çıxar, tamamilə halından məmnunmuş kimi bir ifadə yaranar üzündə. Sanki əzab çəkən insan olmamısan kimi…
Bu səbəbdəndir ayrılanların yenidən bir araya gələ bilməməsi. Eqo, eqo, eqo… Necə də istərdin yenidən yaşanmasını, bu dəfə bütün əngəlləri birlikdə aşmağı. Lakin artıq gecdir, onun gözlərindən gözlərini qaçırarsan. Çünki ona baxarkən gözlərin hayqıraraq yalvarır, “Nolar getmə!” deyə. Əslində gözlərin də, qəlbin də bütünlüklə onu arzulayır…
Müəllif: Nicat Tağızadə
Bəzən bir görüş yox, bir musiqi, bir şeir, bir görüntü elə xatırladar ki, o məhəbbəti. Unutmuşam deməyə dil utanar…