Ruhunu kəşf edəcəm
Onun inancı materialist nəzəriyyədən uzağa keçmirdi. Ruh onun üçün sadəcə nağıllardan ibarət idi.
“Bəlkə də həqiqətən belədir. Bəlkə həqiqətən də insanlar həyatlarına daha anlamlı mənalar yükləmək üçün ruhu kəşf etmişdi. Özünü daha dəyərli hiss etmək üçün. Dəyərlər dəyişkəndir amma insan daha önəmli bir varlıq olduğuna inanmaq üçün ruhu kəşf edəcək qədər eqolarla dolu varlıqdır.”
Amma qarşısında dayanan gənc oğlan qızın gözlərinə həm ən ülvi hisslərlə, həm də təəssüflə acağını maraqla gözləyirdi çünki bu görüşün əsas məqsədi bu idi. Nəhayət bir neçə dəqiqəlik sükutdan sonra gənc kofedən bir qurtum alaraq sözə başladı.
“Öncəliklə səndən bir xahişim var. Mən danışmağa davam etdiyim müddətcə sadəcə susaraq dinləyəcəksən. Razılaşmazsan belə sonda səni eynilə dinləməyə söz verirəm.”
Qız başı ilə işarə edərək razılaşdığını bildirdi.
“İnsanın necə yarandığını hərtərəfli inkişaf yolunu tamamilə izah edə bilərik bəlkə də. Amma bu onun daha uca bir varlıq olmadığını və ruhunun olmadığı anlamına gəlməz. Minlərlə hisslərin olduğu insan vücudu duyğularla yüklüdür və bunun səbəbi ancaq insan ruhu ola bilər. Elmi araşdırmalar da bir çox cəhətdən bunu sübut edə bilər. Necə ki, yuxularımızı görən ruhumuz, bəzən qurduğumuz xəyallar və ya ayağı kəsilmiş bir insanın ayağı olmasa belə olduğunu hiss etməsi və ya olmayan ayağın qaşıntısını hiss etməsi kimi. Gülüşümüz, üzüntümüz və bu kimi fərqli hisslər vücudun əsəri ola bilməz. Vücud nəyə görə üzülməlidir, ağrımalıdır?! Bilirəm bəlkə də dediyim bu sözlərlə səndəki inancı dəyişdirə bilmərəm amma düşünməyinə səbəb ola bilərəm. Və düşündükcə bir çox sualların cavablana bilər.
Bilirsən, əslində o qədər sevinirəm ki… Niyə deyə soruşsan, sənə inanıram, bizə inanıram, o ruhu kəşf edəcəyinə inanıram və o gün gəldiyində o ruhun gözünü açdığı zaman mənim ruhumu görəcək, mən onun ilki olacam və bunları düşünmək məni sevindirir. Ruhun oyandığı zaman bərk-bərk sarılacam o duyğulara və əsla buraxmayacam. Sənə söz verirəm”
Gənc qız gözlərini onun gözlərindən çəkə bilmirdi. Azacıq sulanmış gözləri və üzündəki xəfif gülümsəmə bir əsərə belə sığmayacaq sözlər deyirdi və o özəl an bir ömür əsla unudulmayacaqdı…
Müəllif: Nicat Tağızadə
Youtube Videolarımı izləmək üçün <= Klik edin
Şəxsi əlaqə üçün instagram <= Əlaqə üçün
Günaydın, Nicat bəy. Gözəl yazıdır, dərinliyi anlamaq üçün düşünməyə vadar edir insanı. Biz bəzən fiziki olaraq çox şeydən imtina edərik, toxunmarıq, görmərik. Amma düşünmə gücümüzə qalib gələ bilmərik. Məncə budur ruhda yaşatmaq. Cismani olaraq yox, xəyalən yaşanan, içə hopan və ayrılmayan.